İDMAN
“Rossiya 24”: Bakıda hər şey hazırdır
Moskva, 11 iyun, AZƏRTAC
“Rossiya 24” telekanalı iyunun 11-də Bakıda birinci Avropa Oyunlarına həsr edilmiş reportaj yayımlayıb. Telekanalın müxbiri Aleksandr Abramov Oyunlara hazırlığın gedişatı haqqında tamaşaçılara məlumat verərək bildirib ki, iyunun 12-də Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) binasında Azarkeşlər evinin açılışı olacaq. Açılışda Rusiyanın idman naziri Vitali Mutko, Azərbaycanın idman naziri Azad Rəhimov, RF Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov və iki ölkənin başqa idman funksionerləri iştirak edəcəklər.
“Bakıda hər şey hazırdır” deyən A.Abramov xatırladıb ki, birinci Avropa Oyunlarında atletlər idmanın 20 növündə mübarizə aparacaqlar. O deyib: “Ən maraqlısı da budur ki, Bakıdakı yarışlar idmanın 12 növü üzrə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiadası üçün təsnifat xarakteri daşıyacaq. Bu isə o deməkdir ki, Bakıya Avropanın ən güclü atletləri gələcək. Avropa Oyunlarının proqramı təkcə bununla diqqəti cəlb etmir. Bu Oyunlara Olimpiya proqramında nəzərdə tutulmayan idman növləri, o cümlədən çimərlik futbolu, yaxud 3x3 basketbol üzrə yarışlar daxil edilib.
A.Abramov RİMM-də sinxron üzgüçülük üzrə dəfələrlə Olimpiya çempionu Anastasiya Davıdova ilə müsahibə də vəd edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva