ELM VƏ TƏHSİL
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində “Sevimli nağıl qəhrəmanları” mövzusunda interaktiv dərs keçirilmişdir
Bakı, 2 mart (AZƏRTAC). Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) Azərbaycan məktəblərində rus dilinin dərindən öyrənilməsi üzrə pilot layihəsinin iştirakçısı olan məktəblərin şagirdləri üçün “Sevimli nağıl qəhrəmanları” mövzusunda interaktiv dərs keçirilmişdir.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Bakıdakı 238, 283, 129 nömrəli, Sumqayıtdakı 11 nömrəli orta məktəblərin, Xaçmazdakı akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin şagirdləri iştirak etmişlər.
Şagirdlərin rus dili sahəsində biliklərini Azərbaycan məktəblərində rus dili üzrə elmi-metodiki seminarın rəhbəri, filologiya elmləri doktoru Nailə Bədəlova, “Literaturnıy Azerbaydjan” jurnalının poeziya şöbəsinin müdiri Alina Talıbova, Azərbaycan Musiqili Komediya Teatrının rejissoru Elvin Mirzəyevdən ibarət səlahiyyətli münsiflər heyəti qiymətləndirmişdir. Gecəni Bakı Bələdiyyə Teatrının aktrisası, “Zoluşka” nağılındakı sehrli pəri obrazında çıxış edən Nigar Həsənzadə aparmışdır.
Məşğələdə məktəblilər rus dili bilikləri üzrə müxtəlif müsabiqələrdə iştirak etmişlər. Viktorinalar, sevimli nağıldan epizodlarla bağlı tapşırıq şagirdlərin və qonaqların diqqətini daha çox cəlb etmişdir.
Sonra hər komanda ev tapşırığı ilə çıxış etmişdir. Məktəblərin təmsilçiləri “Canavar və çəpişlər”, “Pişiyin evi”, “Şalğam”, “Şahzadə İvan və Simurq” rus xalq nağıllarından səhnəciklər göstərmişlər.
Müsabiqələrin nəticələrinə əsasən birinci yeri 129 nömrəli məktəb tutmuşdur.
Xatirə hədiyyələrinin və “Rossotrudniçestvo”nun Bakıdakı Nümayəndəliyi adından təşəkkür məktubunun təqdimat mərasimi keçirilmişdir.
İnteraktiv dərsin bütün iştirakçılarına həvəsləndirici mükafatlar verilmişdir.