MƏDƏNİYYƏT
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində “Valentin Serov məşhur rus portretçisidir” mövzusunda mühazirə olmuşdur
Bakı, 3 dekabr (AZƏRTAC). Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin “Rus muzeyi: virtual filial” Təhsil Mərkəzində “İncəsənət haqqında söhbətlər” layihəsi çərçivəsində tanınmış rus rəssamı Valentin Serovun yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir.
Paytaxt tələbələri və ümumtəhsil məktəblərinin şagirdləri qarşısında elmlər namizədi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının incəsənət tarixi kafedrasının dosenti Mehriban Novruzova çıxış etmişdir. O, Sankt-Peterburqun Rus Muzeyinin salonlarına virtual ekskursiya zamanı rəssamın yaradıcılığının əsas mərhələlərindən danışmış, portret ustasının Rus Muzeyində və Tretyakovsk Qalereyasında saxlanılan məşhur əsərlərini şərh etmişdir.
M.Novruzova onu da vurğulamışdır ki, Rəssamlıq Akademiyasında tədris prosesində rus təsviri sənətinin, o cümlədən yaradıcılığı Rusiyada portret janrının inkişafına böyük təsir göstərmiş V.Serovun əsərlərinin öyrənilməsinə xüsusi yer ayrılır.
Sonda rəssamın yaradıcılığı haqqında sənədli film nümayiş etdirilmişdir.
Təsviri sənət həvəskarları dekabrın axırında layihənin Tretyakovsk qalereyasının banisi Pavel Tretyakovun anadan olmasının 180 illiyinə həsr olunmuş növbəti tədbirinə dəvət edilmişdir.