“SABAH” qruplarına tələbə seçimi başlayır
Bakı, 11 may, AZƏRTAC
Təhsil Nazirliyinin “SABAH” qrupları 2018-2019-cu tədris ili üçün ümumilikdə 30 ixtisas üzrə tələbə seçimi müsabiqəsini açıq elan edir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə bu qurumun tabeliyində olan ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar üzrə birinci kursda əyani formada təhsil alan, birinci tədris ilinin birinci semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
2017-2018-ci tədris ilindən etibarən ”SABAH” qruplarına tələbələrin seçimi www.student.sabah.edu.az portalı vasitəsilə tam elektron qaydada aparılır. Portal namizədlərin elektron ərizələrinin yoxlanılması və nəticəsi haqqında bildiriş göndərilməsi, müsabiqənin bütün mərhələləri üzrə nəticələrin emal olunması və yekun qeydiyyatın online aparılmasını təmin edir.
Müsabiqənin birinci mərhələsində iştirak etmək üçün namizədlər mayın 23-dək www.sabah.edu.az saytına daxil olmaqla elektron ərizəni doldurmalıdırlar. Elektron ərizələrin qəbulu başa çatdıqdan sonra ərizəsi təsdiqlənmiş namizədlər müsabiqənin ikinci mərhələsinə - test imtahanına dəvət olunacaqlar.
Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən “SABAH” qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. “SABAH” qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olan tələbələr üçün ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha uğurlu namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edir.
Hazırda “SABAH” qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2 min 300-dən çox tələbəni əhatə edir.
2016-2017-ci tədris ili üzrə “SABAH” qruplarının ilk məzunlarının sayı 722 nəfərdir.