SİYASƏT
“Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər“ mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən “Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər“ mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edilmişdir.
KİVDF-dən AZƏRTAC-a bildirmişlər ki, müsabiqənin məqsədi Sabunçu rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
Müsabiqədə ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər iştirak edə bilərlər. Təqdim olunan yazıların sərlövhələri təklif olunmuş mövzularla eyni olmalıdır.
Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında verilməlidir. Ümumiyyətlə, yazılar son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr olunan, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
Qəzetdə dərc olunmuş yazıda “Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
Yazılar fevralın 27-dən aprelin 18-dək qəbul olunacaqdır.
Qiymətləndirmə zamanı mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma, materialın oxucu üçün informasiyalılıq səviyyəsi, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti, eləcə də ictimai maraqların müdafiəsi kimi meyarlar əsas götürüləcəkdir.
Müsabiqənin mükafat məbləği I yer üçün 1000 manat, II yer (2 nəfər) 800 manat, III yer (3 nəfər) 600 manat, həvəsləndirici mükafat isə 200 manat müəyyənləşdirilmişdir.
Qaliblər, həmçinin Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.