İQTİSADİYYAT
Sadələşdirilmiş vergiödəyicisi olan fiziki şəxsin gəlirləri hansı halda vergiyə cəlb olunur?
![Sadələşdirilmiş vergiödəyicisi olan fiziki şəxsin gəlirləri hansı halda vergiyə cəlb olunur?](/files/2022/1/1200x630/1649085169194393102_1200x630.jpeg)
Bakı, 4 aprel, AZƏRTAC
Vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələrə görə, fiziki şəxs ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, eyni zamanda, fiziki şəxsin vergi tutulan əməliyyatlarının (vasitəçilik xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqları) həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olduqda həmin vergiödəyicisi növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməklə ƏDV qeydiyyatına alınmalı və əldə etdiyi xidmət haqlarının dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməlidir.
Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergiödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcmi 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ saxlanılır. Həmçinin nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200 min manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.