İQTİSADİYYAT
SAHİBKARLIĞA KÖMƏK MİLLİ FONDU CARİ İLDƏ İLK TƏDBİRİNİ BƏRDƏDƏ KEÇİRMİŞDİR
Bakı, 12 fevral (AZƏRTAC). “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın inkişafına dövlət dəstəyinin həyata keçirilməsi, sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, SKMF cari ildə ilk tədbirini fevralın 12-də “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda Bərdə şəhərində keçirmişdir. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 350-dən çox sahibkar iştirak etmişdir.
Əvvəlcə tədbir iştirakçıları Bərdədə Fonddan alınmış güzəştli kreditlər hesabına maliyyələşdirilən “Etalon Aqro” MMC və “Rəşad” Kommersiya İstehsalat Firmasının inşa etdirdiyi hər birinin tutumu 10 min ton olan taxıl məhsullarının təmizlənməsi və saxlanılması anbar komplekslərində aparılan tikinti işləri ilə tanış olmuşlar.
Sonra tədbir öz işinə başlamışdır.
Giriş sözü ilə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev son illər ərzində qəbul edilmiş dövlət proqramları çərçivəsində rayonda görülmüş işlər barədə məlumat vermiş, istehsal, emal və yeni infrastruktur sahələrinin yaradılmasında sahibkarların xüsusi rolunu qeyd etmişdir.
Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov çıxış edərək ölkə rəhbərliyi tərəfindən özəl bölmənin inkişafına böyük diqqət və qayğı göstərildiyini, sahibkarlığın daha da inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradıldığını bildirmiş, regionların inkişafında dövlət proqramlarının rolu və regionların gələcək inkişaf perspektivləri haqqında tədbir iştirakçılarına məlumat vermişlər.
Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov 2010-cu ildə sahibkarların maarifləndirilməsi sahəsində görüləcək işlər və keçirilməsi nəzərdə tutulan tədbirlər barədə iştirakçıları məlumatlandırmışdır.