REGİONLAR
Salyanda torpaqların konsolidasiyası mövzusunda seminar keçirilib
Salyan, 28 fevral, Mahir Babayev, AZƏRTAC
Salyan rayonunun Şorsulu kəndində “Torpaqların konsolidasiyası üzrə milli strategiyanın və torpaqların konsolidasiyası üzrə pilot layihənin hazırlanmasına dəstək” layihəsi üzrə icma inkişafına dair ikinci seminar təşkil edilib. Layihə Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirilir.
Seminarda FAO üzrə layihənin beynəlxalq və milli məsləhətçilər qrupunun əməkdaşları, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri, Şorsulu bələdiyyəsinin üzvləri və kənd sakinləri iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə layihənin məqsəd və vəzifələri, torpaq sahələrinin konsolidasiyasının əhəmiyyəti, aktuallığı, qabaqcıl ölkələrin bu sahədə mövcud təcrübəsi barədə təqdimatlar edilib. Sonra layihə çərçivəsində Şorsuluda 600 fermerin müsahibələrinin nəticələri əsasında tərtib olunan “Torpaqlardan səmərəli istifadənin təşkilinə dair yerquruluşu layihəsi” və “İcma İnkişafına dair” planının təqdimatı keçirilib.
Sonda layihə ekspertləri torpaq mülkiyyətçilərini maraqlandıran sualları cavablandırıb, onların rəy və təklifləri dinlənilib.
Qeyd edək ki, layihə çərçivəsində torpaqların konsolidasiyası ilə bağlı Türkiyənin təcrübəsini öyrənmək məqsədilə FAO-nun, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və Salyanın Şorsulu kəndinin fermerlərindən ibarət nümayəndə heyəti 2017-ci il dekabrın 4-8-dək Dənizli şəhərində səfərdə olublar.