REGİONLAR
Salyanda uşaqların istirahəti üçün yeni park yaradılıb
Salyan, 31 avqust, Mahir Babayev, AZƏRTAC
Salyan şəhərinin mərkəzində uşaqların istirahətinin səmərəli və maraqlı təşkili üçün yeni park salınıb.
AZƏRTAC xəbər verir ki, 700 kvadratmetr ərazidə salınan parkda uşaqların istirahəti üçün hər cür şərait yaradılıb. Parkda balacaların əylənmələri üçün müxtəlif qurğular, müasir işıqlandırma sistemi və rahat oturacaqlar quraşdırılıb, əraziyə tamet, asfalt örtüyü salınıb, yaşıllaşdırma işləri aparılıb. Bir sözlə, burada uşaqların mənalı istirahəti üçün hər cür şərait yaradılıb.
Yeni salınan park uşaqların hədsiz sevincinə səbəb olub. Parka axın edən balacalar buradakı müxtəlif əyləncə qurğularından istifadə etməklə, sözün əsl mənasında xoş anlar yaşayırlar.
Şəhərin mərkəzində belə bir parkın salınması sakinlərin də ürəyincə olub. Şəhər sakini Mədinə Nadirova AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Tez-tez nəvələrimlə buraya gəlirik. Parkda onların istirahəti üçün hər cür şərait yaradılıb. Burada uşaqlarla bərabər, biz valideynlər də yaxşı dincəlirik. Yaradılan gözəl şərait uşaqlarla yanaşı valideynləri də çox sevindirir”.
Yeni park şəhərdəki uşaq bağçası və körpələr evlərinin sakinlərinin də ürəyincə olub. Məktəbəqədər tədris müəssisələrindəki balacalar tez-tez parka gələrək xoş anlar yaşayır, şənlənirlər.