CƏMİYYƏT
Samir Pənəliyev: Ölkəmizdə gənclərin inkişafı, onların potensialının üzə çıxarılması üçün hər cür şərait yaradılıb
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan gəncləri cəmiyyətin ictimai-siyasi həyatında fəal rol oynayır. Dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunan gənc nəsil hazırda cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə gənclərin potensialının üzə çıxarılması, onların inkişafı üçün hər cür şərait yaradılıb. Bu siyasətin uğurla icra olunmasında Gənclər Fondunun da mühüm xidmətləri var.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ictimai fəal gənc Samir Pənəliyev deyib.
Samir Pənəliyev bildirib ki, fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında iştirak etmək hər bir Azərbaycan gənci kimi mənim üçün də böyük şərəf idi. Çox sevinirdik ki, dövlətimizin başçısı biz gənclərlə görüşür, bizə yüksək diqqət və qayğı göstərir. Prezident həmin görüşdə gənclərimiz üçün əsas hədəfləri və fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Hər birimiz bir daha qürur hissi keçirdik ki, bizim belə Prezidentimiz, dövlətimiz var.
Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən təntənəli mərasimdə 2018-ci ildə yüksək fəallığı ilə seçilən gənclər və gənclər təşkilatlarının mükafatlandırıldığını vurğulayan Samir Pənəliyev özünün də təltif olunmasına görə minnətdarlığını bildirərək deyib: “Mərasimdə Azərbaycanda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində əldə olunan uğurlar, bu sahədə reallaşdırılan proqram, strategiya və layihələr, gənclərimiz üçün yaradılan şərait barədə ətraflı məlumat verildi, istedadlı və yaradıcı gənclər mükafatlandırıldı. Çox şadam ki, həmin tədbirdə 2018-ci ildə uğurlu ictimai fəaliyyətinə görə təltif olunan gənclərin arasında mən də yer aldım. Fəaliyyətimə verilən bu yüksək qiymətə, mənə, eləcə də bütün gənclərə göstərilən diqqət və qayğıya görə əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də Gənclər və İdman Nazirliyinin rəhbərliyinə minnətdarlığımı bildirirəm”.
Gənc nəslin milli ruhda tərbiyəsi, gənclər arasında milli-mənəvi dəyərlərin təbliği istiqamətində mütəmadi olaraq layihələr həyata keçirdiyini vurğulayan fəal gənc vurğulayıb ki, ölkəmizdə gənclər təşkilatları dövlətin qayğısını daim hiss edirlər. Gənclərimiz məhz bu diqqət və qayğıya arxalanaraq böyük uğurlar qazanırlar. Bu diqqət və qayğının müqabilində biz də göstərilən etimadı layiqincə doğrultmağa çalışırıq.