DÜNYA
San-Fransiskoda tarixin ən böyük aviaqəzasının qarşısı alınıb
Bakı, 12 iyul, AZƏRTAC
ABŞ-ın San-Fransisko aeroportunda az qala müasir aviasiya tarixinin ən iri qəzası baş verəcəkdi. Dispetçerlər son anda 5 təyyarənin toqquşmasının qarşısını ala biliblər.
AZƏRTAC xəbər verir ki, CBC telekanalının məlumatına görə, hadisə iyulun 7-də gecə saatlarında baş verib. Torontodan gələn “Air Canada” kompaniyasına məxsus sərnişin təyyarəsi eniş edərkən uçuş-enmə zolağına deyil, səhvən eyni zamanda 4 laynerin olduğu uçuşa hazırlıq yoluna istiqamətlənib.
Dispetçerlər pilotu vaxtında dayandırmağa müvəffəq olub və təyyarə ikinci cəhddən sonra uğurla eniş edə bilib.
“United Airlines” aviasiya kompaniyasının sabiq kapitanı Ross Aymerin sözlərinə görə, bu hadisə tarixin ən böyük təyyarə qəzası ola bilərdi. “Əgər göyərtəsində sərnişinlər olan yanacaqla tam dolu dörd Airbusun toqquşmasını təsəvvür edə bilsəniz, onda bunun necə dəhşətli sonluqla nəticələnə biləcəyini anlaya bilərsiniz”, - Aymer belə deyib.
Aeroportun rəhbərliyi və yerli hakimiyyət orqanları insidentin səbəblərini araşdırırlar.