CƏMİYYƏT
Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb
Sankt-Peterburq, 26 dekabr, AZƏRTAC
Sankt-Peterburqdakı V.V.Mayakovski adına kitabxanada “Azərbaycanda Yeni il” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi, türkoloq Şahnaz Kamalın təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Sankt-Peterburqdakı konsulu Rəhim Rəhimzadə, Azərbaycan diasporunun üzvləri, kitabxananın oxucuları iştirak ediblər.
Tədbirdə Azərbaycanda Yeni il şənlikləri ənənələri haqqında məlumat verilib, şeirlər söylənilib, rəqslər ifa olunub. Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbələri Azərbaycan dilində mahnı oxuyublar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş, Moskvanın Azərbaycan Milli Mədəni Muxtariyyətinin və Rusiyadakı Azərbaycan Qadınlar Birliyinin birgə təşkil etdikləri “Azərbaycan poeziyasının inciləri” adlı şeir müsabiqəsinin iştirakçıları və qaliblərinə mükafatlar təqdim olunub.
Müsabiqədə Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbələri də iştirak ediblər. Onların azərbaycanca dedikləri şeirlər münsiflər tərəfindən yüksək qiymətləndirilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq