“SAVADLI ANA SAVADLI GƏLƏCƏKDİR” LAYİHƏSİNİN TƏQDİMATI OLMUŞDUR
Bakı, 30 dekabr (AZƏRTAC). Dekabrın 30-da “Lider Qadınlar” və “Demokratik İnkişaf İnstitutu” ictimai birliklərinin təşkilatçılığı ilə “Savadlı ana savadlı gələcəkdir” layihəsinin təqdimatı keçirilmişdir. “Lider Qadınlar” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı 2008-ci ildə Azərbaycan Qadınlarının III Qurultayının keçirildiyini xatırladaraq qadınların mövcud problemlərinin, qarşıda duran vəzifələrin həmin qurultayda müzakirə edildiyini bildirmişdir. Vurğulanmışdır ki, tədbirin ən önəmli məqamı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın qızların orta məktəbdən yayınmasının qarşısının alınması üçün qadınları həmrəyliyə çağırması olmuşdur.
M.İbrahimqızı bu problemin həllində cəmiyyətin böyük rolunu vurğulamış, layihə çərçivəsində regionlarda insanların maarifləndirilməsi və problemin qarşısının alınması istiqamətində ciddi işlərin görüləcəyini qeyd etmişdir.
“Demokratik İnkişaf İnstitutu” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Gültəkin Hacıbəyli bir sıra regionlarda, xüsusilə də cənub bölgəsində, Bakının kəndlərində qızların məktəbdən yayınması probleminin daha aktual olduğuna diqqət çəkmişdir.
Deputat vurğulamışdır ki, savadlı anaların yetişdirilməsi gələcəyin inkişafı, gənclərimizin savadlı olması deməkdir. G.Hacıbəyli bir sıra hallarda regionlarda rəsmi nikah olmadan kiçik yaşlı qızların ailə qurduğunu təəssüflə qeyd etmişdir.
Təhsil nazirinin müavini İradə Hüseynova ölkəmizdə qadın hüquqlarının müdafiəsinin daim diqqət mərkəzində olduğunu diqqətə çatdırmışdır.
Nazir müavini qızların orta məktəbdən yayınmasının qarşısının alınması üçün mütəmadi tədbirlərin həyata keçirildiyini bildirmişdir.