“Sehrbazlar dərəsi” romanının rumın dilinə tərcüməsi Bakıda təqdim edilib
Bakı, 7 may, AZƏRTAC
Bakı Kitab Mərkəzində (BKM) yazıçı Kamal Abdullanın rumın dilinə tərcümə olunan “Sehrbazlar dərəsi” romanının təqdimatı keçirilib.
Azərbaycan Dillər Universitetindən AZƏRTAC-a bildirilib ki, kitabı rumın dilinə Rumıniyanın “Al və Kuza” Yas Universitetinin dosenti Lyudmila Bejenaru və onun tələbəsi İrina Milea tərcümə ediblər.
Təqdimat mərasimində çıxış edən Kamal Abdulla Bakı Kitab Mərkəzinin fəaliyyətindən danışıb, onun işini yüksək qiymətləndirib. O, Rumıniya mədəniyyətinin qədim tarixə malik olduğunu deyib, əsərinin tanınmış ədəbiyyatşünas alim və tərcüməçi Lyudmila Bejenaru tərəfindən tərcümə olunmasından məmnunluq duyduğunu bildirib.
Lyudmila Bejenaru 2013-cü ildə Bakı Slavyan Universitetində “Yanus” layihəsində 10 ay iştirak etdiyini və həmin müddətdə Kamal Abdullanın yaradıcılığı ilə ətraflı tanış olduğunu söyləyib. Bildirib ki, “Sehrbazlar dərəsi” romanı noyabrda Buxarestdə keçiriləcək beynəlxalq yarmarkada Avropa nəşriyyat idarələrinin iştirakı ilə təqdim olunacaq.
Qonaq kitabın tərcümə prosesindən də söz açıb, Rumıniyada bu romanın maraqla qarşılandığını diqqətə çatdırıb. O, “Sehrbazlar dərəsi”nin Kamal Abdullanın yaradıcılığında xüsusi yer tutan əsərlərdən olduğunu deyib.
Lyudmila Bejenaru Kamal Abdullanın yaradıcılığını araşdırdıqdan sonra yazıçı haqqında 2014-cü ildə “Kamal Abdulla: Bütövlüyün fəlsəfəsi” adlı fundamental monoqrafiya yazdığını xatırladıb.
Rumın dilinə tərcümə olunan “Sehrbazlar dərəsi” romanı ötən ay Moldovanın paytaxtı Kişineuda Roman XXIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində təqdim edilib.
Mistik əhvalatların baş verdiyi, paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömür edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının görüşündən, sufi dərvişlərin həyatından bəhs edən mistik roman müxtəlif dillərdə və ölkələrdə nəşr edilməklə dünya oxucusunun da diqqətini çəkib. Bu roman orta əsrlərdə və sonrakı dövrdə İslam mədəniyyətinin mühüm komponentlərindən biri olan sufiliyin təsiri altında yaranmış təxəyyülün məhsuludur.
“Sehrbazlar dərəsi” əsəri Türkiyə (2007), Rusiya (2010), Litva (2013), Qazaxıstan (2013), Fransa (2013), Yaponiya (2013) və ABŞ-da (2015) çap edilib. Oxucu tələbatından irəli gələrək roman Türkiyədə (2010) və Rusiyada (2013, “Romanı” kitabı, Moskva, Xudojestvennaya literatura) təkrar nəşr olunub.