Şəkidə basketbol üzrə respublika birinciliyində 8 komanda mübarizə aparır
Şəki, 2 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Olimpiya İdman Kompleksində İdman Məktəblərinin IX Respublika Oyunlarının proqramına daxil olan 13-14 yaşlı oğlanlardan ibarət komandalar arasında basketbol üzrə respublika birinciliyinin final yarışları başlanıb.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən birincilikdə 8 komanda mübarizə aparır. Paytaxt basketbolçuları yarışda 4 komanda ilə təmsil olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, birinciliyin açılışında nazirliyin rəsmisi Nicat Həsənov və Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov çıxış edərək, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın kütləviliyinin təbliğində belə yarışların əhəmiyyətini xüsusi vurğulayıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Final yarışlarına aprelin 3-də yekun vurulacaq. Birincilikdə ilk yerləri tutan komandalar nazirliyin kubok, medal və fəxri fərmanları ilə mükafatlandırılacaqlar.