ŞƏKİLİLƏR BİRİNCİ RÜBÜ UĞURLU GÖSTƏRİCİLƏRLƏ BAŞA VURMUŞLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında qarşıya qoyulan vəzifələr Şəki Şəhər İcra Hakimiyyətində keçirilən fəallar yığıncağında geniş müzakirə olunmuşdur.
Yığıncaqda şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov Nazirlər Kabinetinin iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələrin icrası və 2008-ci ilin ilk rübündə rayonda görülmüş işlər barədə məruzə etmişdir.
Məruzəçi bildirmişdir ki, müasir Azərbaycan tarixinin böyük, həm də şərəfli bir dövrü müstəqil dövlətimizin memarı və qurucusu ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin ideya və əməllərini davam etdirən Prezident İlham Əliyevin yeritdiyi qətiyyətli siyasətin nəticəsidir ki, 2008-ci il də Azərbaycan üçün çox uğurlu başlamışdır. Əldə edilən uğurların həlledici amili isə elmi əsaslara söykənən iqtisadi siyasət xəttidir. Məhz bunun nəticəsidir ki, son üç ildə, yəni 2004-2007-ci illər ərzində Azərbaycan öz iqtisadi potensialını iki dəfə artırmışdır. 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarının təhlili göstərir ki, ölkə iqtisadiyyatının son illər müşahidə olunan dinamik inkişafı artıq dönməz xarakter almış, Azərbaycan regionda əhəmiyyətli iqtisadi güc mərkəzinə çevrilmişdir.
Məruzədə qeyd olunmuşdur ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələr Şəkidə də uğurla icra olunur. Cari ilin birinci rübündə rayonda 35 milyon 70 min manatlıq məhsul buraxılmışdır ki, bu da 2007-ci ilin eyni dövrü ilə müqayisədə 15,7 faiz çoxdur. Ümumi məhsul buraxılışının 80 faizi özəl bölmənin payına düşür. Dövlət Proqramının qəbul edilməsindən keçən dövr ərzində rayonda 5423-ü daimi olmaqla, 20702 yeni iş yeri açılmışdır. İlin birinci rübündə Orta Zəyzid kəndi ərazisində yaradılmış 600 başlıq damazlıq-heyvandarlıq kompleksi tam gücü ilə işləməyə başlamışdır. Qızılarx ərazisində donuzçuluq, şəhər ərazisində 350 min başlıq quşçuluq müəssisələri də tezliklə istifadəyə veriləcəkdir. Yeni yaradılan bu müəssisələrdə 200-dən artıq sakin işlə təmin olunacaqdır.
Rayonda ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı nəzərdə tutulan layihələr barədə məlumat verən icra hakimiyyətinin başçısı bildirmişdir ki, yaxın gələcəkdə Şəkidə illik istehsal gücü 7 min ton olan quşçuluq-broyler fabriki, istehsal gücü 3 min ton olan quşçuluq müəssisəsi, habelə illik istehsal gücü 110 milyon ədəd yumurta olan quşçuluq kompleksi tikiləcəkdir. Bu müəssisələrdə quraşdırılacaq avadanlığın ümumi dəyəri 13,3 milyon avro təşkil edəcəkdir.
Məruzəçi daha sonra birinci rübdə sənaye, kənd təsərrüfatı, tikinti, rabitə, özəlləşdirmə, aqrolizinq xidməti və digər sahələrdə görülən işlər barədə danışmış, kommunal xidmət sahəsində mövcud olan nöqsan və problemlərə toxunmuş, istifadə edilmiş təbii qazın dəyərinin ödəniş səviyyəsinin hələ də aşağı olmasını mənfi hal kimi qiymətləndirmişdir.
Məruzə ətrafında çıxışlarda şəkililər dövlət başçısını əmin etmişlər ki, rayonda son illər ərzində bütün sahələrdə əldə edilən uğurlar 2008-ci ildə də davam etdiriləcək, yeni nailiyyətlərin qazanılması üçün bütün qüvvələr səfərbərliyə alınacaq, qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetiriləcəkdir.