SİYASƏT
Serbiyada dünya şöhrətli yazıçı Milorad Paviçin xatirəsi yad edilmişdir
Bakı, 1 dekabr (AZƏRTAC). Azərbaycan dövlətinin dəstəyi ilə Belqrad şəhərində abadlaşdırılmış “Taşmaydan” parkında görkəmli serb yazıçısı, dünya şöhrətli “Xəzər lüğəti” kitabının müəllifi Milorad Paviçin xatirəsi anılmışdır.
Anma mərasimində yazıçının yaxınları, Belqrad Şəhər Meriyasının və ictimaiyyətinin, Azərbaycanın Serbiyadakı səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının, ölkəmizin Serbiyada fəaliyyət göstərən şirkətlərinin təmsilçiləri, azərbaycanlı tələbələr iştirak etmişlər.
Azərbaycanın Serbiyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Milorad Paviçin xanımı Yasmina Mixayloviç və oğlu, rəssam İvan Paviç çıxış edərək yazıçının xatirəsinə göstərilən diqqət və ehtirama, həmçinin onun xatirəsinin əbədiləşdirilməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə və Serbiya dövlətinin başçısına dərin minnətdarlıqlarını bildirmişlər.
Çıxış edənlər görkəmli yazıçının həyat və yaradıcılığından söhbət açmışlar.
Tədbir iştirakçıları sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkdakı abidəsinin və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirəsinə ucaldılmış “Biz sadəcə uşaqlar idik” abidəsinin önünə gül-çiçək dəstələri düzmüşlər.