İDMAN
Serbiyanın gənclər və idman naziri xanım Alisa Mariç: Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində böyük təcrübəsi vardır
![Serbiyanın gənclər və idman naziri xanım Alisa Mariç: Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində böyük təcrübəsi vardır](/files/2013/2/1200x630/14071446866048646556_1200x630.jpg)
Bakı, 1 iyul (AZƏRTAC). İyulun 1-də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə səfərdə olan Serbiyanın gənclər və idman naziri xanım Alisa Mariçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, xanım Alisa Mariç Azərbaycanda gedən inkişafın onda xoş təəssüratlar yaratdığını bildirmişdir. Bakının birinci Avropa Oyunlarına ev sahibliyi etməsini Serbiya tam dəstəkləyir. Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində böyük təcrübəsi vardır. İnanıram ki, 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunları yüksək səviyyədə təşkil olunacaq və bütün idmansevərlərin yaddaşında xoş izlər buraxacaqdır.
A.Mariç Serbiyada keçiriləcək qadınlar arasında Avropa şahmat çempionatında Azərbaycan idmançılarının uğur qazanacağına əminliyini diqqətə çatdırmışdır.
Görüşdə A.Rəhimov qonağa Azərbaycan idmançılarının qazandıqları uğurlar barədə məlumat vermişdir. Bildirmişdir ki, son illər ölkəmizdə 40-dək yeni Olimpiya İdman Kompleksi, bir sıra müxtəlif idman növləri üçün xüsusi idman mərkəzləri istifadəyə verilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Beynəlxalq əhəmiyyətli yarışların keçirilməsində Azərbaycanın kifayət qədər təcrübəsi olduğunu vurğulayan A.Rəhimov demişdir ki, 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının Bakıda yüksək səviyyədə təşkili bunun əyani sübutudur. Qarşıdakı illərdə ölkəmizin bir sıra mötəbər yarışlara ev sahibliyi edəcəyini bildirən nazir demişdir ki, 2015-ci ildə Dünya Kuboku və 2016-cı ildə Beynəlxalq Şahmat Olimpiadası Bakıda keçiriləcəkdir. Azərbaycan gələn il Dünya İdman Mətbuatı Assosiasiyasının növbəti konqresinə də ev sahibliyi edəcəkdir.
Qeyd olunmuşdur ki, hazırda Bakı şəhərinin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını keçirmək üçün namizədliyi irəli sürülmüşdür. Bununla bağlı müvafiq texniki kitab hazırlanaraq İslam Həmrəyliyi İdman Federasiyasına təqdim olunmuşdur. Ən əsası isə Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının qərarı ilə 2015-ci ildə birinci Avropa Oyunlarını təşkil etmək hüququ Bakıya verilmişdir. Hazırda Bakıda hərbçilər arasında birinci Dünya Futbol Kubokunun oyunları keçirilir. Nazir nümayəndə heyətini oyunları seyr etməyə dəvət etmişdir.
Sonra Serbiyanın gənclər və idman naziri A.Rəhimova müxtəlif yarışlarda çəkilmiş şəkillərdən ibarət fotoalbom təqdim etmişdir.
Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyəti iyulun 2-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəkdir.
Sonra qonaqlar Milli Olimpiya Komitəsində, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda, Dövlət Bayrağı Meydanında, Bakı-2015 Atletlər kəndində, Azərbaycan Gənclər Fondunda və bir sıra idman mərkəzlərində olacaqlar.
Serbiya nümayəndə heyətinin səfəri iyulun 5-dək davam edəcəkdir.