SİYASƏT
Sergey Lavrov: Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa əlaqələri danışıqların davam etdirilməsi üçün əsas şərtdir
Moskva, 19 noyabr (AZƏRTAC). Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdir ki, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa əlaqələri danışıqları davam etdirməyə, hər iki tərəfi qane edən razılaşmanı əldə etmək tələb olunan şəraitin bərpa edilməsində əsas məsələdir.
S.Lavrovun fikrincə, həmsədr ölkə kimi Rusiya ABŞ və Fransa ilə bərabər üç ölkənin prezidentlərinin bir sıra bəyanatlarında şərh edilmiş və razılaşmaların axtarışında rəhbər tutulması lazım gələn prinsiplərə həmsədrlərin əminliyini əks etdirən mövqelərə sadiqdir.
Rusiyanın xarici işlər naziri Moskvada Ermənistan XİN-in başçısı ilə danışıqların yekunlarına dair mətbuat konfransında demişdir: “Rusiya, ABŞ və Fransa prezidentləri V.Putin, B.Obama və F.Ollandın Şimali İrlandiyada “səkkizliyin” zirvə görüşü çərçivəsində qəbul etdikləri sonuncu bəyanat belə silsiləsindən növbəti sənəddir. Münaqişənin sülh yolu ilə həllinin alternativinin olmadığı vurğulanan sənəddə tərəflərin ATƏT-in əsas prinsiplərinə, ilk növbədə Helsinki aktında yer almış prinsiplərinə sadiq olmalarını təsdiq etmələri barədə çağırış yer almışdır. Biz bu mövqeyə sadiqik və ümid edirik ki, həm Ermənistan, həm də Azərbaycan bu çağırışı eşidəcəklər. Həmsədrlər isə danışıqlar prosesini daha da inkişaf etdirmək üçün hansı imkanların olması barədə düşünəcəklər”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva