SİYASƏT
“Şərq Tərəfdaşlığı” Proqramının zirvə görüşünün yekun bəyannaməsində Avropanın enerji ehtiyatları təchizatçısı kimi Azərbaycanın strateji rolu vurğulanmışdır
Vilnüs, 30 noyabr (AZƏRTAC). Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı” Proqramının üzvü olan ölkələrə Cənub qaz dəhlizinin inşasını, Ukraynanın qaz-nəqliyyat sisteminin modernləşdirilməsini və vahid enerji bazarının yaradılmasını davam etdirməyi vəd etmişdir. Bu barədə məlumat Avropanın “Şərq Tərəfdaşlığı” Proqramının noyabrın 29-da Vilnüsdə başa çatan zirvə görüşünün yekun bəyannaməsində yer almışdır.
Bəyanatda deyilir: “Zirvə görüşünün iştirakçıları qarşılıqlı enerji təhlükəsizliyinin, o cümlədən tərəfdaş dövlətlərin qaz-nəqliyyat sisteminin inkişaf etdirilməsi və onların Avropa enerji bazarına mərhələ-mərhələ inteqrasiya olunmaları yolu ilə artırılmasına, habelə enerji ehtiyatlarının transsərhəd ticarətinin inkişaf etdirilməsinə yönəlmiş fəaliyyəti alqışlamışlar”.
Zirvə görüşünün iştirakçıları Cənub dəhlizi layihəsi çərçivəsində “Cənubi Qafqaz və Transadriatik qaz kəmərlərini modernləşdirmək”, habelə “Aİ ilə Xəzər regionunu birləşdirən yeni infrastruktur yaratmaq” niyyətini təsdiq etmişlər.
Zirvə görüşünün iştirakçıları Avropanın enerji ehtiyatları təchizatçısı kimi Azərbaycanın strateji rolunu xüsusi vurğulamışlar.
Zirvə görüşünün yekun bəyannaməsində təkcə Ukraynanın qaz-nəqliyyat sistemini modernləşdirmək deyil, həm də qazın revers nəqlini, o cümlədən Slovakiya ərazisi, habelə Xorvatiya, Macarıstan və Ukraynanı birləşdirən “Adriatik qaz dəhlizi” ilə nəqlini genişləndirmək niyyəti vurğulanır.
Zirvə görüşünün yekun bəyannaməsinin enerji məsələlərinə dair hissəsində Avropanın enerji ehtiyatları təchizatını təmin edən tranzit ölkə kimi Belarusun vacib rolu vurğulanmışdır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs