SİYASƏT
Şərqi Avropa və keçmiş sovet respublikaları ilə müqayisədə Azərbaycanda demokratiya daha tez və geniş inkişaf etmişdir
Bakı, 20 dekabr (AZƏRTAC). Azərbaycanda səfərdə olan Belçikanın sabiq Baş naziri, Avropa Xalqları Partiyasının (AXP) sədri, Avropanın tanınmış ictimai-siyasi xadimi Uilfrid Martens Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşmüşdür.
Milli Məclisin deputatı, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev U.Martensin həyatı və ictimai-siyasi fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat vermişdir.
U.Martens gənclərlə həmişə məmnuniyyətlə görüşdüyünü, onları dinləməyin və istəklərini öyrənməyin vacib olduğunu bildirmişdir. O demişdir ki, gənclər bütün cəmiyyətlərdə aparıcı qüvvədirlər. Ona görə də onlarla işə xüsusi önəm verilməlidir. AXP-də çoxlu gənc təmsil olunub və onlar siyasi cəhətdən fəaldırlar. Azərbaycanda belə yüksək intellektual səviyyəli gəncləri görməkdən qürur hissi duyduğunu bildirən U.Martens AXP-nin fəaliyyəti barədə gənclərə məlumat vermişdir. Bildirmişdir ki, biz hər bir vətəndaşın fərdi qaydada inkişafına çalışırıq. Hər bir vətəndaşın fərdi inkişafı üçün şərait yaradılması AXP-nin əsas məqsədidir. Ümumiyyətlə, Avropada bu məqsədlə siyasi mübarizəyə qoşulan partiya tez bir zamanda nüfuz qazanır və seçkilərdə əhali xalq partiyasına səs verməyi üstün tutur.
Sonra Avropa Şurasının prezidenti kimi göstərdiyi fəaliyyətdən, qlobal maliyyə böhranının Avropada yaratdığı iqtisadi problemlərdən, dünyada baş verən siyasi proseslərdən danışan U.Martens bildirmişdir ki, Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edən bir ölkədir. Ölkənin iqtisadi gücü onun demokratikləşməsində mühüm rol oynayır. Şərqi Avropa və keçmiş sovet respublikaları ilə müqayisədə Azərbaycanda demokratiya daha tez və geniş inkişaf etmişdir. Azərbaycan əsl Avropa ölkəsini xatırladır və bu ölkənin böyük və işıqlı gələcəyi vardır.
Sonra U.Martens gənclərin suallarını cavablandırmışdır.