SİYASƏT
“SƏS” QƏZETİNDƏ QONDARMA “ERMƏNİ SOYQIRIMI” İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Bakı, 14 aprel (AZƏRTAC). Aprelin 14-də “Səs” qəzetinin təşkilatçılığı ilə 24 aprel - qondarma “erməni soyqırımı” günü ilə bağlı mətbuat konfransı keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatı Fəzail Ağamalı jurnalistlərin suallarını cavablandırmışdır. Bildirilmişdir ki, bütün dünyaya soyqırıma məruz qaldıqlarını bəyan edən ermənilər tarix boyu Türkiyədə və Azərbaycanda qətliamlar və dəhşətli cinayətlər törətmişlər. Qeyd edilmişdir ki, dünya ölkələrinin məsələyə ikili standartlarla yanaşması ermənilərin cəzasız qalmalarını və daha da fəallaşmasını təmin etmişdir.
Deputat bildirmişdir ki, qondarma “erməni soyqırımı”nın ifşası və ermənilər tərəfindən törədilmiş cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatırılması üçün Azərbaycan və Türkiyə diasporu yaxından əməkdaşlıq etməli, bütün səylərini bu istiqamətdə cəmləşdirməlidirlər.