CƏMİYYƏT
Səudiyyə Ərəbistanının rəsmi agentliyinin sələfi olan ilk qəzetin 100 illiyi qeyd olunub
Qahirə, 1 aprel, AZƏRTAC
Hazırda fəaliyyət göstərən rəsmi “Saudi Press” agentliyinin sələfi olmuş “Umm Əl-Qura” qəzetinin ilk nəşrinin işıq üzü görməsinin 100 illiyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanı mediası üçün əlamətdar olan bu hadisə münasibətilə Məkkə şəhərində keçirilən tədbirdə Kral Salman bin Əbdüləzizin təbrik məktubu oxunub. Krallığın media naziri vəzifəsini icra edən Abdulla Əl Qasabi çıxışında bildirib ki, hələ Səudiyyə Ərəbistanı dövləti elan olunmamışdan əvvəl - Hicaz Krallığı dövründə çap edilən bu qəzet ərəb dünyasında ilk mətbu orqan olub. Onun təsisçisi olmuş krallığın qurucusu Kral Əbdüləziz ölkənin ən peşəkar qələm sahiblərini bu qəzetin ətrafına toplayıb. İkinci Dünya müharibəsi zamanı maddi çətinliklər ucbatından fəaliyyətini dayandıran “Umm əl-Qura”nın əsasında sonradan rəsmi dövlət agentliyi təsis edilib.
Tədbirdə qeyd olunub ki, bu qəzetin xələfi olan Səudiyyə Ərəbistanının rəsmi informasiya agentliyinin fəaliyyəti ən müasir informasiya-kommunikasiya texnologiyaları əsasında qurulub. Bundan başqa, Kralın sərəncamı ilə hər iki ildən bir yerli və beynəlxalq media nümayəndələrinin iştirakı ilə Umm Əl-Qura Media Forumu keçiriləcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə