SİYASƏT
Seymur Orucov: Azərbaycan gəncliyi olaraq ermənilərin uydurmalarını dünyada ifşa etmək üçün üzərimizə düşən vəzifələri yerinə yetirməliyik
Bakı, 23 aprel (AZƏRTAC). Quba məzarlığı, Xocalı qətliamı ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımını təsdiq edən əyani sübutlardır. Bu sübutların olduğu halda ermənilərin özlərinə qarşı “soyqırımı” törədilməsini iddia etmələrinin heç bir əsası yoxdur.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov demişdir.
S.Orucov bildirmişdir ki, dünyada hələ də qondarma “erməni soyqırımı”nın təbliğatı aparılır. Bəzi dövlətlərin bu qondarma hadisəni tanıması təəssüf doğurur. Ermənistanın həqiqi xislətinin dünyaya tanıdılması üçün Azərbaycan və Türkiyə birgə fəaliyyət göstərirlər. Bu fəaliyyət sistemli, ardıcıl şəkildə davam etdirilir. Son illər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan işlər ciddi nəticələr verməkdədir.
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin haqq səsinin beynəlxalq müstəvidə eşidilməsi, Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılması prosesində öz bəhrələrini verməkdədir. Təbii ki, Azərbaycan gəncliyi olaraq bizlər ermənilərin uydurmalarını dünyada ifşa etmək üçün üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Bu gün informasiya texnologiyaları yüksək səviyyədə inkişaf etmişdir. Bundan istifadə edərək əsl həqiqətləri beynəlxalq aləmə çatdırmaq istiqamətində bütün gücümüzü səfərbər etməliyik.