İQTİSADİYYAT
Sidneydə keçirilən sərgidə Azərbaycana aid video və foto materiallar nümayiş olunmuşdur
Bakı, 24 may (AZƏRTAC). Mayın 23-24-də Avstraliyanın Sidney şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə VI Qlobal konfrans keçirilmişdir. Konfrans çərçivəsində MHŞT üzrə milli sərgi təşkil olunmuş və Azərbaycan nümayəndə heyəti həmin sərgidə iştirak etmişdir.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycana aid video və foto materiallar, MHŞT-nin Azərbaycanda tətbiqinə dair müxtəlif broşür və kitabçalar nümayiş etdirilmiş, konfrans iştirakçılarına xatirə hədiyyələri təqdim olunmuşdur.
Qeyd edək ki, MHŞT şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür, neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsinin qlobal standartıdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur və qiymətləndirilmə prosesindən keçən, MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk ölkədir. MHŞT prinsip və meyarlarına tam cavab verdiyinə və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə, ölkəmiz 2009-cu ildə xüsusi mükafata layiq görülmüşdür.