“Simurq” musiqi festivalının qalibi müəyyənləşdirilib
Bakı, 6 may, AZƏRTAC
Bakı Musiqi Akademiyasında Təhsil Nazirliyinin dəstəyi və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Simurq” musiqi festivalının bağlanış mərasimi olub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, festivalın başlıca məqsədi Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çıxarmaq, onlara dəstək olmaq, ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətməkdir.
Festivala 100-ə yaxın gənc pianoçu qatılıb. Finala çıxan 6 nəfər azərbaycanlı iştirakçı Azərbaycan və Rusiyadan olan münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Festivalın yekununda Bakı şəhəri 23 nömrəli ümumtəhsil məktəbinin şagirdi Ləman Seyidova qalib gəlib. Qalib təşkilatçılar tərəfindən diplomla təltif olunub.