İQTİSADİYYAT
SOCAR-ın Rumıniyadakı nümayəndəliyində Türk İş Adamları Dərnəyinin sədri ilə görüş keçirilmişdir
Bakı, 4 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Rumıniyadakı nümayəndəliyində Rumıniya Türk İş Adamları Dərnəyinin (TİAD) yeni seçilmiş sədri, tanınmış iş adamı Aykut Akbulutla görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə ARDNŞ-in Azərbaycanda, regionda, eləcə də Türkiyədə həyata keçirdiyi investisiya layihələri haqqında dərnək üzvlərinə məlumat verilmişdir.
TİAD-nin sədri Aykut Akbulut rəhbərlik etdiyi qurum barədə məlumat verərək bildirmişdir ki, TİAD 1993-cü ildə Rumıniyada fəaliyyət göstərən 27 türk iş adamının təşəbbüsü ilə yaradılmışdır. Elektrik avadanlıqları, nəqliyyat, maşınqayırma, sənaye, kimya, bankçılıq, turizm, tikinti və digər sahələrdə çalışan 127 şirkəti özündə birləşdirən dərnək Türkiyə və Rumıniya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığa töhfə verir. TİAD sədri SOCAR-ın Rumıniyadakı nümayəndəliyi ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdir.
Qeyd olunmuşdur ki, Türkiyənin Rumıniyaya yatırdığı sərmayələrin 96 faizini məhz TİAD-ın payına düşür. 2011-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 6,5 milyard dollar təşkil etmişdir. Türkiyə Rumıniyada sərmayə qoyuluşuna görə 3-cü, ixrac bazarına görə isə 4-cü ölkədir.