İQTİSADİYYAT
SOFİYADA QİƏT-Ə ÜZV ÖLKƏLƏRİN NƏQLİYYAT NAZİRLƏRİNİN TOPLANTISI KEÇİRİLƏCƏKDİR
Bakı, 14 aprel (AZƏRTAC). Aprelin 15-də Bolqarıstanın paytaxtı Sofiyada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv dövlətlərin nəqliyyat nazirlərinin toplantısı keçiriləcəkdir.
Azərbaycanın Nəqliyyat Nazirliyindən bildirmişlər ki, aprelin 14-də isə toplantıya hazırlıq məqsədi ilə ekspertlərin iclası başlanmışdır.
İclasda Azərbaycanı Nəqliyyat Nazirliyi aparatının rəhbəri Cavid Nəcəfov və “Avtonəqliyyatservis” departamentinin baş nəqliyyat müfəttişliyi idarəsinin rəis müavini Yaqub Novruzəliyev təmsil edirlər.
İclasın əsas məqsədi nazirlərin toplantısında qəbul edilməsi planlaşdırılan sənədin -“QİƏT regionunda nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında Sofiya Birgə Bəyannaməsi”nin razılaşdırılmasıdır.
Birgə Bəyannamədə nəqliyyat sahəsində əməkdaşlığın intensivləşdirilməsi, QİƏT-ə üzv dövlətlər arasında ticarət imkanlarından daha səmərəli istifadə edilməsi və regional inteqrasiyanın sürətləndirilməsi məsələləri geniş yer alacaqdır. Sənəddə, həmçinin Avropa və Asiya arasında tranzit yüklərin daşınması məqsədi ilə QİƏT nəqliyyat şəbəkələri çərçivəsində sadələşdirilmiş prosedlara diqqət yetirilməsi, üzv dövlətlər arasında sərnişin və yüklərin fasiləsiz daşınması üçün avtomobil, dəniz, aviasiya və dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi və s. öz əksini tapacaqdır.