ELM VƏ TƏHSİL
“Son zəng” mərasimi hamıda xoş duyğular oyatmışdır
Saatlı, 31 may (AZƏRTAC). Mayın 31-də Saatlı rayonundakı Valeri Əsgərov adına 4 saylı şəhər tam orta məktəbində “Son zəng” mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə məktəblilərlə yanaşı, müəllimlər, valideynlər, rayonun rəhbər işçiləri və ictimaiyyət nümayəndələri də iştirak etmişlər.
Mərasimdə çıxış edənlər XI sinif şagirdlərini, onların müəllimlərini və valideynləri bu əlamətdar gün münasibəti ilə təbrik etmiş, ölkə prezidenti İlham Əliyevin Azərbaycan təhsilinə, bütövlükdə gəncliyə göstərdiyi diqqət və qayğıdan danışmış və əmin olduqlarını bildirmişlər ki, məzunlar müəllimlərinin və təhsil aldıqları məktəbin şərəfini daim uça tutacaq, dövlətimiz və cəmiyyətimiz üçün layiqli övladlar kimi yetişəcəklər.
Məktəbi bitirən 30 məzunun adından çıxış edənlər onlara elm öyrədən, həyat dərsi verən müəllimlərə dərin təşəkkürünü bildirmiş, təhsil aldıqları məktəbin adını hər zaman uca tutacaqlarına söz vermişlər.
Bayram tədbirinin sonunda məktəbin I və XI sinif şagirdləri bir-birilərini hədiyyələr və xoş sözlərlə təbrik etmiş, xatirə şəkili çəkdirmiş, birlikdə rəqs etmişlər.
Nəhayət, onbirincilər üçün rəmzi olaraq çalınan son zəngin sədaları ətrafa yayılmışdır. Maraqlı konsert proqramı ilə başa çatan mərasim hamıda xoş hiss və duyğular oyatmışdır.