ELM VƏ TƏHSİL
Son zəng mərasimi Səbail rayonunun 190 nömrəli orta məktəbində qeyd olunmuşdur
Bakı, 31 may (AZƏRTAC). Son zəng mərasimi Səbail rayonunun 190 nömrəli orta məktəbində təntənəli şəkildə qeyd olunmuşdur.
Mərasimdə əvvəlcə dövlət himni səsləndirilmişdir.
Məktəbin direktoru Afət Bakıxanova məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamış və bildirmişdir ki, bu il məktəbin 66-cı son zəngi qeyd olunur.
Məktəbin məzunları arasında bir sıra nüfuzlu şəxslərin olduğunu diqqətə çatdıran direktor bu il ümumilikdə 88 şagirdin təhsilini başa vurduğunu söyləmişdir. Qeyd etmişdir ki, məzunların əksəriyyəti məktəbi əla qiymətlərlə bitirmişdir.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov demişdir ki, dövlət başçısı tərəfindən təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən işlər Səbail rayonunda da öz əksini tapmışdır. Hazırda müvafiq Dövlət Proqramına uyğun olaraq məktəblərin həyətində yerləşən akt və idman zallarının əsaslı təmirinə başlanılmışdır.
Tədbirdə məktəbin 1-ci və 11-ci sinif şagirdlərinin hazırladıqları musiqi proqramı maraqla qarşılanmışdır.