CƏMİYYƏT
Sosial Xidmət Mərkəzlərinin xidmətindən yararlanan uşaqların Bakı Zooloji Parkına ekskursiyası təşkil edilib
Bakı, 25 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi əlilliyi olan 18 yaşınadək şəxslər üçün İxtisaslaşmış Sosial Xidmət Mərkəzlərinin xidmətlərindən yararlanan uşaqlar və onların ailə üzvlərinin Bakı Zooloji Parkına ekskursiyası təşkil edilib.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan ekskursiya Sosial Xidmətlər Agentliyi və Bakı Zooloji Parkının birgə təşkilatçılığı ilə keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ziyarətin məqsədi Sosial Xidmət Mərkəzlərində dövlət qayğısı ilə əhatə olunan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq və asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Gəzinti zamanı 40 nəfərdən ibarət qrup zooparkın ərazisində yaşayan müxtəlif heyvanları yaxından müşahidə edib və əyləncəli vaxt keçiriblər.