İQTİSADİYYAT
“Stadler Rail Group” şirkətindən 30 ədəd yataq tipli sərnişin vaqonunun alınması planlaşdırılır
Bakı, 14 iyul, AZƏRTAC
İsveçrənin “Stadler Rail Group” şirkətindən 30 ədəd yataq tipli sərnişin vaqonunun alınması planlaşdırılır.
Bu vaqonların alınmasının maliyyə məsələləri “Azərbaycan Dəmir Yolları” QSC-də “Stadler Rail Group” şirkətinin prezidenti Peter Şpulerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə növbəti ikitərəfli görüşdə müzakirə edilib.
QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov AZƏRTAC-a bildirib ki, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən alınan KİSS markalı ikimərtəbəli elektrik qatarlarına texniki xidmətinin təşkili üçün “Stadler Rail Group” şirkəti ilə birgə müəssisənin yaradılması, 30 ədəd yataq tipli sərnişin vaqonunun alınmasının maliyyə məsələləri müzakirə olunub.
“Stadler Rail Group”un baş direktoru Peter Şpuler müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib. İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.