SİYASƏT
STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNDƏ “RUSİYA VƏ AZƏRBAYCANIN YAXIN VƏ ORTA ŞƏRQDƏ ROLU” MÖVZUSUNDA “DƏYİRMİ MASA” KEÇİRİLƏCƏKDİR
Bakı, 11 may (AZƏRTAC). Mayın 14-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Rusiya Strateji Araşdırmalar İnstitutunun (RSAİ) birgə layihəsi əsasında “Rusiya və Azərbaycanın Yaxın və Orta Şərqdə rolu” mövzusunda “dəyirmi masa” keçiriləcəkdir.
Azərbaycan və Rusiyanın tanınmış siyasi ekspertləri, o cümlədən RSAİ-nin direktoru Leonid Reşetnikovun, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin iştirak edəcəyi tədbirdə iki ölkə arasında mövcud siyasi, iqtisadi və mədəni əlaqələr müzakirə olunacaq və münasibətlərin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaqdır. “Dəyirmi masa”da, həmçinin Cənubi Qafqazda geosiyasi proseslər, Rusiya-İran münasibətləri, İranın nüvə proqramı, Yaxın və Orta Şərqdə regional təhlükəsizlik sistemində hər iki ölkənin roluna dair müzakirələr aparılacaqdır.
Qeyd edək ki, tədbir ötən ilin oktyabrında Moskvada RSAİ və SAM arasında keçirilmiş “dəyirmi masa”nın davamıdır.