SİYASƏT
Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Türkiyədə keçiriləcək beynəlxalq konfransda iştirak edəcəkdir
Bakı, 20 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri Vüsal Qasımlı “Financial Times” jurnalının dəvəti ilə noyabrın 22-də Türkiyədə keçiriləcək beynəlxalq konfransda iştirak edəcəkdir.
SAM-dan AZƏRTAC-a bildirmişlər ki, V.Qasımlı konfransda “Azərbaycanın Türkiyədə investisiya siyasəti” mövzusunda məruzə ilə çıxış edəcəkdir.
Tədbirdə Türkiyə Baş nazirinin müavini Əli Babacan, maliyyə naziri Mehmet Şimşək, “Financial Times” jurnalının redaktoru Devid Qardner, “TAV Airports”un prezidenti Mustafa Sani Şənər, “Morgan Stanley”in regional direktoru Tevfik Aksoy, “ISPAT”ın prezidenti İlkər Aycı, “Akbank”ın baş direktoru Hakan Binbaşgil, “HSBC” bankının regional direktoru Murad Ulgen və başqaları çıxış edəcəklər.
Türkiyədə biznes qurmaq imkanları və bu sahədə mövcud çətinliklərlə bağlı məsələnin müzakirə ediləcəyi tədbirdə maliyyə sahəsində çalışan mütəxəssislər, beynəlxalq təşkilatların təmsilçiləri, müxtəlif ölkələrin dövlət və özəl sektorundan 200-dən çox nümayəndə iştirak edəcəklər.