İQTİSADİYYAT
Sumqayıtda gənc kimyaçıların respublika elmi konfransı keçirilmişdir
Bakı, 6 oktyabr (AZƏRTAC). “Beynəlxalq kimya ili” çərçivəsində ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyi (İB) tərəfindən təşkil olunan silsilə tədbirlərin davamı kimi oktyabrın 6-da İB-in təşkilatçılığı ilə Sumqayıt şəhərində gənc kimyaçıların “Azərbaycanın neftçıxarma, neft emalı və neft-kimya sənayelərinin aktual problemləri” mövzusunda elmi konfransı keçirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İB-in Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevin və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri, kimya elmləri doktoru, professor Vaqif Abbasovun həmsədr olduqları konfransda Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universitetinin, AMEA-nın Neft-kimya Prosesləri, Aşqarlar kimyası, Polimer Materialları və digər elmi-tədqiqat institutlarının, həmçinin ARDNŞ-in 30-dək gənc tədqiqatçısının kimya elminin və neft-kimya sənayesinin müxtəlif sahələri üzrə elmi məruzələri dinlənilmişdir.
Gənc aspirant və dissertantların neft-kimya sintezi, polimerlər kimyasının aktual problemləri, neft emalı proseslərinin təkmilləşdirilməsi və emal məhsullarının keyfiyyətinin yaxşılaşdırılması, Azərbaycanın neft-kimya və neft emalı sənayesinin məhsulları əsasında neftçıxarma sənayesi üçün yeni və mühüm komponentlərin, ingibitorların, ətraf mühitin mühafizəsi üçün yeni reagent və texnologiyaların işlənib-hazırlanması və s. mövzulara həsr edilmiş məruzə və çıxışları konfrans iştirakçılarının marağına səbəb olmuşdur. Məruzələr həm də praktiki baxımdan, istehsalat yönümlü olması ilə seçilmişdir.
Tədbirin sonunda münsiflər heyətinin qərarına əsasən Neft-Kimya Prosesləri İnstitutunun aspirantı Lalə Əfəndizadə müsabiqənin qalibi elan olmuşdur. İkinci mükafata BDU-nun aspirantı Xamməd Əsədov və Neft-Kimya Prosesləri İnstitutunun gənc tədqiqatçısı Könül Qasımova, üçüncü mükafata isə Azərbaycan Dövlət Neft Akademiyasından İradə Xələfova və Nigar Məmmədova, Polimer Materialları İnstitutundan Olqa Qreçkina və Aşqarlar Kimyası İnstitutundan Natəvan Talışova layiq görülmüşlər. Daha səkkiz gənc tədqiqatçıya həvəsləndirici mükafatlar təqdim olunmuşdur.