SURAXANIDA UŞAQLAR ÜÇÜN YAY SAĞLAMLIQ DÜŞƏRGƏSİ TƏŞKİL EDİLMİŞDİR
“Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyindən AZƏRTAC-a bildirmişlər ki, qurumun nəzdində xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum uşaqlar, həmçinin aztəminatlı ailələrdən olan məktəblilər üçün 60 nəfərlik şəhər tipli yay sağlamlıq düşərgəsi açılmışdır.
Düşərgədə uşaqların istirahəti, qidalanması, maraqlı proqram əsasında idman, musiqi və rəsmlə məşğul olması, oyun və əyləncələrə qatılması, Suraxanı Rayon İcra Hakimiyyətinin köməyi ilə ekskursiyalar təşkil edilməsi nəzərdə tutulmuşdur.
Düşərgə səhhətində, əqli və ya fiziki inkişafında qüsurları olan uşaqların sağlam yaşıdları ilə birgə əylənmək, istirahət etmək, asudə vaxtdan daha səmərəli istifadə etmək hüquqlarının tanınması və qorunmasına kömək məqsədilə təşkil olunmuşdur.
Uşaq və yeniyetmələrin yay istirahətinin təşkili ötən mövsümlərdə olduğu kimi, bu il də “Oriqami” təşkilatı tərəfindən valideynlərə yardım olaraq pulsuz həyata keçirilir.