DÜNYA
“Taliban” hərəkatı Norveçdə keçirilən görüşlərdən məmnunluğunu bildirib
Stokholm, 25 yanvar, AZƏRTAC
Əfqanıstanın “Taliban” hərəkatının rəsmi şəxslərinin Norveçə səfəri çərçivəsində keçirdiyi görüşlər nailiyyətdir.
AZƏRTAC xəbər verir ki, hərəkatın Osloda səfərdə olan nümayəndə heyətinin üzvləri jurnalistlərə müsahibəsində həmin görüşləri belə dəyərləndiriblər.
“Taliban” hərəkatı rəhbərliyinin üzvü, Əfqanıstan İslam Əmirliyinin xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Muttaki deyib: “Norveçin bizə bu imkanı təqdim etməsi faktı öz-özlüyündə bizim üçün nailiyyətdir. Bu görüşlərdən sonra biz Əfqanıstanın humanitar, tibb və təhsil sektorlarında mütləq dəstək alacağıq”.
Qeyd edək ki, “Taliban” hərəkatının nümayəndə heyəti ötən bazar günü Norveçə səfər edib. Norveç hökuməti bütün əlavə xərcləri öz üzərinə götürüb və bu, cəmiyyətdə mübahisələr və böyük narazılıq doğurub. Bununla yanaşı, Əfqanıstanda yaranmış humanitar böhranın yüngülləşdirilməsi yolları üçgünlük danışıqlar çərçivəsində müzakirə edilir. Qapalı keçən görüşlərdə “Taliban” hərəkatının nümayəndələri ilə yanaşı dünyanın bir sıra böyük ölkələrindən olan nümayəndə heyətləri də iştirak edir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm