MƏDƏNİYYƏT
Tanınmış bəstəkar Ramiz Mustafayev yad edilmişdir
Bakı, 28 oktyabr (AZƏRTAC). Oktyabrın 28-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) tanınmış bəstəkar, Xalq Artisti, “Şöhrət” ordenli Ramiz Mustafayevin 85 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə R.Mustafayevin mənalı ömür yolu və zəngin yaradıcılığı haqqında geniş məlumat vermişdir.
Bildirilmişdir ki, musiqi ictimaiyyətinin və geniş dinləyici kütləsinin rəğbətini qazanan görkəmli bəstəkar 6 opera, 5 musiqili komediya, 9 oratoriya, 7 kantata, 5 vokal-simfonik poema, 8 simfoniya, 500-ə qədər mahnı və romansın, 200-dən artıq xalq mahnısının xor üçün işləmələrinin müəllifidir.
R.Mustafayevi çox məhsuldar bir bəstəkar kimi xarakterizə edən Əməkdar İncəsənət Xadimi Aida Tağızadə onu musiqili-səhnə, vokal-simfonik əsərlərin müəllifi kimi yüksək dəyərləndirmiş, yaradıcılığında opera və operetta janrının xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Natiq, bəstəkarın əsərləri içərisində ona daha çox şöhrət qazandıran “Vaqif” operası haqqında xüsusi söhbət açmışdır.
Tədbir çərçivəsində Əməkdar İncəsənət Xadimi Zemfira Qafarovanın “Ramiz Mustafayev” monoqrafiyasının təqdimat mərasimi olmuşdur.
Tədbirdə bəstəkarın əsərlərindən parçalar ifa edilmişdir.