MƏDƏNİYYƏT
Tanınmış bəstəkar, Xalq Artisti Oqtay Zülfüqarovun 85 illik yubileyi qeyd edilmişdir
Bakı, 6 iyun (AZƏRTAC, Tərgül Ağayeva). İyunun 6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi, Xalq Artisti Oqtay Zülfüqarovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri olan O.Zülfüqarovu təbrik etmiş, ona yaradıcılıq uğurları arzulamışdır. Ə.Qarayev bildirmişdir ki, sevilən sənətkarın müxtəlif janrlarda bəstələdiyi əsərlər hər zaman dinləyicilər tərəfindən sevilmiş və onların rəğbətini qazanmışdır.
Mərasimdə O.Zülfüqarov çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
Tədbirdə Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova görkəmli sənətkarın həyat və yaradıcılığı haqqında məlumat vermişdir.
Bildirilmişdir ki,1958-ci ildə Azərbaycan Milli Konservatoriyasında Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yazmağa başlamışdır. O, “Qız-ulduz”, “Pişik və sərçə” və “Meşə nağılı” operalarını da yazmışdır. “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı musiqili komediya, violonçel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yazdığı “Şənlən mənim xalqım” uvertürası bəstəkara böyük uğur qazandırmışdır.
Hazırda O.Zülfüqarov Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəridir.
Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında bəstəkarın əsərlərindən parçalar səsləndirilmişdir. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq Artisti Rauf Abdullayevdir.