MƏDƏNİYYƏT
Tanınmış memarın “Qədim-müasir vətən” adlı kitabı nəşr olunub
Bakı, 18 yanvar, AZƏRTAC
Respublikamızın tanınmış bərpaçı-memarı, Beynəlxalq Memarlıq Akademiyasının professoru, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü Tofiq Şəkixanovun “Qədim - müasir vətən” adlı kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitabda memarın həyatından, mütəxəssis və ziyalı kimi formalaşmasından, memar və bərpa işinin bilicisi kimi geniş fəaliyyətindən bəhs olunur. Burada, həmçinin Tofiq müəllimin müxtəlif vaxtlarda qələmə aldığı aktual mövzulu məqalələr də yer alıb. Kitab memarlar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Elmi redaktoru Azərbaycanın Əməkdar memarı, professor, Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü Elbay Qasımzadə, rəyçiləri memarlıq üzrə elmlər doktoru, professor, AMEA Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü, professor Rayihə Əmənzadə və memarlıq üzrə elmlər doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlıq konstruksiyaları və abidələrin bərpası” kafedrasının professoru Səbinə Hacıyeva, mətn redaktoru Şövkət Səlimov olan kitab “Bir daha tarixi-memarlıq abidələrimizdən” və “Ana vətənim Qəbələ” adlı iki hissədən ibarətdir.
Nəşrin birinci hissəsindəki girişdən sonra müəllifin bərpa memarlığının problemləri və bunlardan çıxış yollarına həsr olunmuş “Tarixi-memarlıq abidələri, onların mənşəyi, yaranma səbəbləri, sinifləri”, “Daşınmaz və daşınan abidələr”, “Abidələrin əhəmiyyət dərəcələrinə görə bölgüsü”, “Abidələrin aşkarlanması, öyrənilməsi, mühafizəsi və bərpası barədə” yazıları verilib.
T.Şəkixanovun “Memar” elmi, analitik-informasiya jurnalının ayrı-ayrı nömrələrində dərc edilmiş silsilə məqalələri - “Azərbaycan memarlıq abidələri: öyrənilmə tarixi”, “İçəri şəhər qala divarları: dünəni, bu günü, sabahı”, “Şəki və Şəkixanovlar evi”, “Tarixi-memarlıq və arxeoloji abidələrimiz barədə məlumat və tövsiyələr”, “Dünya əhəmiyyətli tarixi-memarlıq abidələrimizdən olan Şirvanşahlar sarayı kompleksi”, “Xəzər rayonu ərazisindəki tarixi-memarlıq abidələrinin vəziyyəti və qorunması imkanlarına dair hesabat”, “Oğuz rayonu tarixi-memarlıq abidələri” və “Qəbələ rayonu tarixi-memarlıq abidələri” bərpa memarlığı ilə məşğul olan mütəxəssislər, memar tələbələr və bu sahəyə maraq göstərən oxucular üçün maraqlı olacaq.
Nəşrin ikinci hissəsində müəllif boya-başa çatdığı qədim Qəbələ, onun tarixi, təbiəti, görkəmli insanları, memarlıq abidələri, Qəbələnin keçmişini araşdırmış alimlər, burada iz qoymuş müasir memarlar haqqında özünəməxsus maraqlı üslubda söz açır.
İllüstrasiyalarla zəngin olan çoxrəngli kitabın sonunda “Təbriklər”, “Nəvələrimə və gənclərimizə nəsihətlərim” də yer alıb.