REGİONLAR
Tarix ulu öndər Heydər Əliyev siyasətinin alternativi olmadığını tam sübuta yetirib
Bakı, 14 iyul, AZƏRTAC
İyulun 14-də ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 47-ci ildönümü münasibətilə Qubadlı Rayon İcra Hakimiyyətinin və YAP Qubadlı rayon təşkilatının birgə tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Qubadlı Rayon Tarix Diyarşünaslıq Muzeyində təşkil olunan tədbirdə rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri açan YAP Qubadlı rayon təşkilatının sədri A.Allahverdiyev ulu öndər Heydər Əliyevin 1969-cu ilin iyul ayının 14-də Azərbaycan Respublikasına rəhbər təyin edilməsini taleyin xalqımıza bir bəxşişi kimi dəyərləndirərək qeyd etdi ki, bu hadisə ölkəmizin tarixində uzunmüddətli və sürətli inkişafın əsasını qoydu. Sovеt rеjiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan Hеydər Əliyеv Azərbaycanı düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün qətiyyətli addımlar atmağa başladı. Ulu Öndər 1969-1982-ci illərdə milli kadr hazırlığı məsələsinin həllinə, təhsil şəbəkələrinin genişləndirilməsinə, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə nail oldu.
Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Sahib Əliyev çıxış edərək bildirdi ki, 1969-1982-ci illərdə Hеydər Əliyеv bütün sahələrdə digər sovеt rеspublikaları ilə muqayisədə dəfələrlə gеri qalan, tənəzzülün hökm sürdüyü bir rеspublikanı dirçəltmək missiyasını yеrinə yеtirməli oldu. Azərbaycana rəhbər təyin olunan Heydər Əliyev respublikanın geriqalma səbəblərini dərindən araşdıraraq, dahiyanə uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və onların icrasına başlandı. Cəmiyyətin sağlam qüvvələrini, mövcud resursları səfərbər edərək respublikanı tərəqqi və inkişaf yoluna çıxardı.
Rayon təhsil şöbəsi üzrə ilk təşkilatın sədri Kamil Əhmədov, Xanlıq kənd 3 saylı tam orta məktəbin tarix müəllimi Xürrəm Həsənov və digərləri “Heydər Əliyev və Azərbaycanın müasir tarixi” mövzusunda çıxışlar etdilər.
YAP Qubadlı rayon təşkilatının sədri A.Allahverdiyev tədbiri yekunlaşdıraraq qeyd etdi ki, tarix ulu öndər Heydər Əliyev siyasətinin alternativi olmadığını tam sübuta yetirib. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda bir qrup şəxsə YAP Qubadlı rayon təşkilatının fəxri fərmanları və yeni üzvlərə üzvlük vəsiqəsi təqdim olundu.