ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi layihə sənədini ictimai müzakirəyə çıxarır
![Təhsil Nazirliyi layihə sənədini ictimai müzakirəyə çıxarır](/files/2019/2/1200x630/15645759034513548656_1200x630.jpg)
Bakı, 31 iyul, AZƏRTAC
Təhsil Nazirliyi “Ümumi təhsilin dövlət standartları” sənədinin təkmilləşdirilmiş layihə variantını ictimai müzakirəyə təqdim edir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, layihə sənədi ilə bağlı rəy və təklifləri 2 ay müddətində [email protected] elektron poçt ünvanına göndərmək olar.
Qeyd edək ki, “Ümumi təhsilin dövlət standartları” sənədinin ilkin layihə variantı 2016-cı ilin noyabrında nazirliyin internet səhifəsində yerləşdirilməklə ictimai müzakirəyə verilib. Ötən müddət ərzində layihə sənədi pedaqoji kollektivlərdə, ekspert qruplarında, təhsil sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarında müzakirə olunub, müxtəlif rəy və təkliflər bildirilib. Eyni zamanda, 2018-ci ilin iyulunda təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə və 2019-cu ilin martında qəbul edilmiş “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş müddəalar nəzərə alınmaqla sənəd yenidən işlənilərək təkmilləşdirilib.