ELM VƏ TƏHSİL
Təhsil Nazirliyində akkreditasiya şurasının növbəti iclası keçirilmişdir
Bakı, 1 mart (AZƏRTAC). Təhsil Nazirliyində akkreditasiya şurasının növbəti iclası keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, iclası giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov Qax peşə liseyi, Zaqatala, Ağdam peşə məktəbləri və Gəncə 1 nömrəli peşə liseyinin akkreditasiyasının nəticələrinin müzakirə olunacağını bildirmişdir.
Qax peşə liseyində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə akkreditasiya komissiyasının sədri Şərif Hacıyev təqdimat-məruzəsində bu təhsil ocağının ümumi fəaliyyəti barədə fikirlərini bildirmişdir. Ş.Hacıyev Qax peşə liseyində müvafiq ixtisaslar üzrə kadr hazırlığının aparılması, liseyin şagird kontingenti, məzunların işlə təminatı, akkreditasiya zamanı keçirilmiş sorğunun nəticələri və digər məsələlərdən söz açmışdır.
Zaqatala peşə məktəbi üzrə akkreditasiya komissiyasının sədri Şahin Bəylərov təqdimat-məruzəsində qeyd olunan müəssisədə aparılmış araşdırma barədə məlumatı nəzərə çarpdırmışdır. Ş.Bəylərov Zaqatala peşə məktəbinin fəaliyyət istiqamətləri, mütəxəssis hazırlığının keyfiyyəti, mühəndis-pedaqoji heyəti, maddi-texniki bazası haqqında danışmış, habelə liseyin fəaliyyətinin statusuna uyğunluğu göstəricilərini qeyd etmişdir.
Ağdam peşə məktəbi üzrə akkreditasiya komissiyasının sədri Vidadi Quliyev təqdimat-məruzəsində liseyin fəaliyyəti, maddi-texniki bazası, tədrisin təşkili, ümumilikdə akkreditasiyanın nəticələri barədə məlumat vermişdir. V.Quliyev Ağdam peşə məktəbində çalışan mühəndis-pedaqoji heyət, məzunların ixtisasları üzrə işlə təmin olunması vəziyyəti və digər göstəricilərindən söz açmışdır.
Gəncə 1 nömrəli peşə liseyində aparılmış araşdırmaya dair geniş məlumat verən həmin müəssisə üzrə akkreditasiya komissiyasının sədri Sahib Rüstəmov akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə mövcud vəziyyət, liseyin məzunlarının son 5 ildə işlə təminatı və digər məsələlərdən danışmışdır. S.Rüstəmov təhsil müəssisəsinin maddi-texniki bazasının zəif olması, istehsalat təcrübəsinin müəyyənləşdirilmiş meyarlara uyğun təşkil edilməməsi və digər çatışmazlıqlara görə Gəncə 1 nömrəli peşə liseyinin müvafiq ixtisaslarının akkreditə olunmadığını nəzərə çarpdırmışdır.
Sonra qeyd olunan peşə təhsili müəssisələri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, bir sıra təkliflər səsləndirilmişdir.
Misir Mərdanov peşə təhsili müəssisələrində aparılmış akkreditasiyanın nəticələri ilə bağlı fikirlərini bildirmiş, tövsiyə və tapşırıqlarını vermişdir.
İclasda Qax peşə liseyi, Zaqatala və Ağdam peşə məktəblərinin fəaliyyətinin “kafi” qiymətləndirilərək müvafiq ixtisaslarının akkreditə olunması, Gəncə 1 nömrəli peşə liseyinin fəaliyyətinin “qeyri-kafi” qiymətləndirilməsi və müvafiq ixtisaslarının akkreditə olunmaması barədə qərar qəbul edilmişdir.