ELM VƏ TƏHSİL
Təhsil Nazirliyinə yanvarda 15 min 985 müraciət daxil olub
Bakı, 4 fevral, AZƏRTAC
Bu ilin yanvarında Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, yanvar ayında bu quruma 15 min 985 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 12 min 515 zəng (2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,1 dəfə, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 2,9 dəfə çox) daxil olub.
Vətəndaşların Qəbulu Mərkəzində isə 3 min 470 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. Vətəndaşların Qəbulu Mərkəzində 1144 sənəd (753 məktub, 322 ərizə, 69 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlərdə daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi və digər məsələlər əksini tapıb.