ELM VƏ TƏHSİL
Təlimləri müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim olunmuşdur
Bakı, 8 iyul (AZƏRTAC). Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU), Minilliyin Layihəsinin və Azərbaycan Futuroloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə ADİU-nun tələbələri üçün “Gələcəyin tədqiqatı və proqnozlaşdırılması” mövzusunda keçirilən interaktiv təlimləri müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim olunmuşdur.
ADİU-dan AZƏRTAC-a bildirmişlər ki, 2013/2014-cü tədris ilində ingilis dilində videokonfrans formatında keçirilən təlimlər ABŞ, İngiltərə, Kanada, İtaliya, Meksika və Yaponiyadan olan ekspertlər tərəfindən aparılmışdır.
Tədbirdə çıxış edən universitetin beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov məzunları təbrik etmiş, onların bu kursda əldə etdikləri biliklərin gələcək karyeralarında mühüm rol oynayacağına əminliyini ifadə etmişdir.
Sonra Vaşinqtondan videokonfrans vasitəsilə tədbirə qatılan Minilliyin Layihəsinin direktoru Cerom Kleyton Qlenn məzunları təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulamışdır.