ELM VƏ TƏHSİL
“TEMPUS” proqramının Cənubi Qafqaz ölkələri üzrə əlaqələndiricisi ADİU-da olmuşdur
Bakı, 8 iyul (AZƏRTAC). “TEMPUS” proqramının Cənubi Qafqaz ölkələri üzrə əlaqələndiricisi Franz Steidele, Azərbaycan Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov və Təhsil Nazirliyinin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor Ədalət Muradov ilə görüşmüşlər.
ADİU-dan AZƏRTAC-a bildirmişlər ki, qonaqlar ADİU-nun əlaqələndiricisi olduğu “TEMPUS” layihəsinin əhəmiyyəti və icra vəziyyətini, Avropa Komissiyasının (AK) gələcək layihələrində iştirakı imkanlarını müzakirə etmişlər.
Rektor universitetin idarəetmə sisteminin təkmilləşdirilməsi, tələbə və müəllimlərin Avropa Komissiyasının təqaüd proqramlarından istifadə etməsinin əhəmiyyətindən danışmışdır. Belə bir layihəni maliyyələşdirdikləri üçün Avropa Komissiyasının əlaqələndiricisinə təşəkkürünü bildirən Ə.Muradov ADİU-nun bundan sonra AK-nın digər layihələrində də fəal iştirak edəcəyini bildirmişdir.
Frans Steidele ADİU-nu “TEMPUS” layihəsinin qalibi olması münasibətilə təbrik etmiş və gələcəkdə də universitetin Avropa Komissiyasının layihələrində daha da fəal iştirakına dəstək göstərməyə hazır olduqlarını vurğulamışdır.
Sonra ADİU-nun əlaqələndiricisi olduğu “TEMPUS” layihəsinin əməkdaşları ilə işçi görüşü keçirilmişdir.