MƏDƏNİYYƏT
Tərcümə Mərkəzinin elmi-bədii şurası ilk iclasını keçirib
![Tərcümə Mərkəzinin elmi-bədii şurası ilk iclasını keçirib](/files/2015/1/1200x630/14208167145660517_1200x630.jpg)
Bakı, 9 yanvar, AZƏRTAC
Yanvarın 9-da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin elmi-bədii şurası ilk iclasını keçirib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iclasda ölkədə tərcümə işinin vəziyyəti, dil və tərcümə sahəsində mövcud problemlərin araşdırılması, aradan qaldırılması məsələləri, həmçinin cari ildə tərcüməsi və nəşri nəzərdə tutulan kitabların tematik planı müzakirə edilib.
Şuranın sədri Afaq Məsud yeni yaradılmış qurumun üç ayda gördüyü işlər, dil, təhsil, ölkədə tərcümənin vəziyyəti, tərcüməçilik işinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilməsi vacib olan məsələlərdən danışıb. Şuranın üzvləri - Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva, Xalq Artisti, rejissor Ramiz Mirzəyev, Tərcümə Mərkəzinin Aparat rəhbəri Yaşar Əliyev və başqaları gündəlikdəki məsələlərlə bağlı fikir bildirib, ölkədə tərcümə işinin təşkili və təkmilləşdirilməsinə dair təkliflər irəli sürüblər.