REGİONLAR
Tərtər və ətraf rayonlardakı sahibkarlıq subyektlərinə 492 min manatadək kredit verilib
![](/files/galleryphoto/2017/2/1200x630/15041780333000262759_1200x630.jpg)
![](/files/galleryphoto/2017/2/1200x630/15041780334305740248_1200x630.jpg)
Bakı, 31 avqust, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun avqustun 31-də Tərtər rayonunda keçirdiyi növbəti işgüzar forumda müvəkkil kredit təşkilatları vasitəsilə Tərtər və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 492 min manatadək güzəştli kredit verilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kreditlər əsasən pambıqçılıq, heyvandarlıq və əkinçilik sahələrinin inkişafına yönəldiləcək. Bu, investisiya layihələrinin reallaşdırılması 40-dan çox yeni iş yerinin yaradılmasına imkan verir.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Tərtər rayonunun iqtisadi potensialına uyğun olaraq, intensiv bağçılıq, üzümçülük, cins heyvandarlıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin və 3 ulduzlu otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
Forumda fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlərdən istifadə etməklə həyata keçirilən layihələr barədə məlumat verilib. Vurğulanıb ki, 2017-ci ilin ötən dövrü ərzində 1000-dən çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 72 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 3000-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.
İndiyədək Tərtər rayonundan olan 264 sahibkara 5,1 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər 500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Fondun fəaliyyətində əsas prioritetlərdən biri sərhəd və cəbhə bölgəsində vətəndaşların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması məqsədilə onlara dövlətin güzəştli kreditlərinin verilməsi və maarifləndirilməsidir. Ümumiyyətlə, indiyədək Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sərhəd və cəbhə bölgəsində fəaliyyət göstərən 19 mindən çox sahibkara 681 milyon manatadək güzəştli kredit verilib.
Tədbir çərçivəsində Tərtər rayonunda güzəştli kredit ayrılmış pambıqçılıq təsərrüfatlarına baxış keçirilib.