CƏMİYYƏT
Teymur Musayev: 105 il ərzində Azərbaycan səhiyyəsi şərəfli və çətinliklərlə dolu bir yol keçib
![](/files/galleryphoto/2023/2/1200x630/16869202015231024082_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16869202015348335101_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16869202021972555039_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16869213885242229370_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1686921388205337931_1200x630.jpg)
Bakı, 16 iyun, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Tibb İşçilərinin Peşə Bayramı ilə əlaqədar səhiyyə naziri Teymur Musayev, Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov, habelə tibb ictimaiyyətinin nümayəndələri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirələrini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.
Daha sonra İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş tibb işçilərinin əziz xatirəsi anılaraq, məzarları üzərinə tər güllər düzülüb. Həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib.
Tibb İşçilərinin Peşə Bayramına həsr edilmiş geniştərkibli kollegiya iclasında səhiyyə naziri Teymur Musayev bildirib ki, Tibb İşçilərinin Peşə Bayramı Azərbaycanın tibb ictimaiyyətinə Ümummilli Lider Heydər Əliyevin hədiyyəsidir. Eyni zamanda, Ulu Öndərin Azərbaycan səhiyyəsinə, tibb işçilərinin fəaliyyətinə yüksək qiymət verməsinin göstəricisidir. Bildirildi ki, məhz iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Səhiyyə Nazirliyi yaradılıb: “105 il ərzində Azərbaycan səhiyyəsi şərəfli və çətinliklərlə dolu bir yol keçib, hər bir tarixi mərhələdə ona həvalə olunmuş missiyanı peşəkarlıqla yerinə yetirdi”.
Nazir Azərbaycan səhiyyəsinin ötən əsrin 70-ci illərindən sonrakı inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Qeyd olunub ki, əksər böyük tibb müəssisələri məhz Ümummilli Liderin hakimiyyəti dövrlərində inşa edilib. Yalnız paytaxtda deyil, regionlarda da çoxprofilli xəstəxanalar əhalinin istifadəsinə verilib. Müdrik siyasətçinin ölkəmizə rəhbərlik etdiyi illərdə bir çox mütəxəssislər tibbi biliklərinin təkmilləşdirilməsi üçün xaricə göndərilir, öz peşə və bacarıqlarını inkişaf etdirib vətənə qayıdıblar: “Bu gün də ölkəmizdə tibb işçilərinə həmin münasibət göstərilir, yüksək dəyər verilir. Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, gərgin zəhməti sayəsində ölkəmizdə bütün sahələrdə dinamik inkişaf templəri müşahidə edilir. Müasir dövrün tələblərinə uyğun olaraq, milli səhiyyə sistemində mütərəqqi idarəetmə texnologiyalarının tətbiqi, innovativ layihələrin reallaşması, beynəlxalq standartlar əsasında qurulması, yüksək İKT tətbiqlərin istifadəsi ilə səhiyyənin rəqəmsallaşdırılması, uğurlu menecment sisteminin istifadəsi sahəsində müxtəlifyönümlü işlər icra olunur. Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da daima əhalinin sağlamlığının qorunmasına qayğı göstərir. Birinci vitse-prezidentin təşəbbüsü ilə səhiyyənin ən çətin problemlərinin həlli üçün icra edilən proqramlar əhalinin, xüsusən də gənc nəslin sağlamlığının qorunmasında mühüm rol oynayır. Görülən işlərin uğurlu nəticəsidir ki, bu gün sağlamlıq göstəricilərinə görə ölkəmizin beynəlxalq arenada mövqeyi möhkəmlənməkdədir. Səhiyyə sahəsində həyata keçirilən məqsədyönlü islahatlar Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilir”.
“Son üç ildə Azərbaycan tibb işçiləri iki sınaqdan uğurla çıxdılar. COVID-19 pandemiyası Azərbaycanın səhiyyə sahəsində fövqəladə vəziyyətlərə yüksək hazırlıq səviyyəsini göstərdi. Digər imtahan isə işğal olunmuş ərazilərimizin azad edilməsi üçün 44 günlük Vətən müharibəsində yaralananların həyatı uğrunda savaş idi. Azərbaycanın tibb işçiləri ordusu hər bir yaralının xilası, normal həyata qayıtması uğrunda qüvvələrini səfərbər edərək yüksək əzmkarlıqla şücaət göstərdilər və bu gün də çalışmaqdadırlar.
Əfsuslar olsun ki, həkimlik andına sadiq qalan, hər bir xəstənin, yaralının həyatına öz həyatı kimi münasibət bəsləyən tibb işçilərimiz arasında həm pandemiya dönəmində, həm də Vətən müharibəsində itkilərimiz oldu. 44 günlük Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı olmaqla ümumilikdə 44 tibb işçisi qəhrəmancasına şəhid olub. Onların hər birinin əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq.
Xalqımızın sağlamlığının qorunması naminə səhiyyə, tibb elmi və tibb təhsili sahəsində yorulmadan çalışan hər kəsə fədakar əməyinə görə təşəkkürümü bildirirəm”, - deyə Teymur Musayev çıxışına yekun vurub.
Tədbir zamanı, həmçinin nazir “Səhiyyə əlaçısı” döş nişanı və Fəxri fərmanla təltif olunanları təbrik edib.
Sonda Ulu Öndər Heydər Əliyevin milli səhiyyənin inkişafındakı rolundan bəhs edən “Sağlam siyasət” sənədli filmi nümayiş olunub.