“Magellanın dövri-aləm səyahəti” romanı almancadan ana dilimizə tərcümə olunub
Bakı, 4 iyul, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Yeni və müasir Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin kiçik elmi işçisi Munisə İsmayılova alman tarixçisi, yazıçı və rəssamı Herbert Votenin “Magellanın dövri-aləm səyahəti” (Herbert Votte “Magellans Reise um die Welt – Die erste Weltumsegelung”) romanını almancadan ana dilimizə tərcümə edib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, kitab yaxın günlərdə “Mücrü” nəşriyyatında işıq üzü görüb.
Əsər portuqal mənşəli dəniz səyyahı Ferraro Maqalyaeşin ağır və məşəqqətli dünya səyahətindən bəhs edir. İspaniyaya mühacirət edən səyyah uzun çətinliklərdən sonra Fernando Magellan adı altında yeni səhifə açır. Bu gün dünyada ilk dəniz səyahəti edən Magellanı tanımayan yoxdur.
Kitabın redaktoru Ədəbiyyat Muzeyinin Məktəblilər və ictimaiyyətlə iş şöbəsinin elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Təbəssüm Muxtarovadır.